çərşənbə 30 sentyabr 2026 - 18:05
Seyid Həsən Nəsrullah gələcək nəsillər üçün cihad və səbir məktəbi qoyub getdi

Hövzə | Saleh əl-Kumişi deyib: Seyid Həsən Nəsrullahın şəxsiyyəti siyasi liderə xas keyfiyyətləri və hadisələri meydandakı reallıqlar əsasında düzgün qiymətləndirmək bacarığını özündə birləşdirirdi. O, mövqelərində doğru danışan, təhlillərində dərin, seçimlərində uzaqgörən və qarşıdurma zamanı cəsarətli idi.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullahın şəhadətindən iki il ötür. Lakin onun yoxluğu onu nə müqavimət meydanından, nə də ümmətin yaddaş və şüurundan ayıra bilib. Qarşıdurmanın ən qızğın çağında şəhadətə yetişən Seyid Həsən Nəsrullah özündən sonra elə bir yol, düşüncə, təcrübə və irs qoyub gedib ki, bunlar müqavimətin yaddaşının və onun gələcək nəsillərinin şüurunun ayrılmaz hissəsinə çevrilib. Onun sevdiyi meydanlar isə Livandan Fələstinə, Yəmənə və digər döyüş cəbhələrinə qədər hələ də ondan qalan izi öz üzərlərində daşıyırlar.

Bu davamlı varlığın mahiyyətinə nəzər salan liviyalı yazıçı və siyasi tədqiqatçı Saleh əl-Kumişi «Əl-Əhd» xəbər saytına verdiyi müsahibədə vurğulayıb: Seyid Nəsrullahın şəhadətindən bir il keçməsi onun yoxluğunun artıq adi hala çevrildiyi anlamına gəlmir. Əksinə, qarşıdurma genişləndikcə və ümmətin sabitlik, bəsirət və şücaət nümunəsinə ehtiyacı artdıqca, onun obrazı daha canlı və daha aydın şəkildə təzahür edir.

Şəhadətindən bir il ötür, lakin lider hələ də meydandadır

Əl-Kumişinin fikrincə, mübarizlərin meydanda nümayiş etdirdikləri əzmkarlıq, dözümlülük, eləcə də vasitə və taktikalarda tətbiq etdikləri yeniliklər hərbi tarixin yeni bir fəslini yazır. O vurğulayır ki, müqavimət heç vaxt bir şəxsin mövcudluğundan asılı olmayıb. Həmin liderin məqamı və mövqeyi nə qədər böyük və uca olsa da müqavimətin taleyi yalnız bir şəxsin varlığı ilə müəyyənləşməyib.

Ümidin formalaşdırılmasından qələbənin qurulmasına

Əl-Kumişi Seyid Nəsrullahın ən mühüm nailiyyətlərindən birini xatırladaraq deyib: O, müqavimətin mümkünlüyünə və qələbə qazanmaq qabiliyyətinə olan inamı ümmətə qaytardı. Halbuki bir çoxlarının düşüncəsində sionist-Amerika üstünlüyü qarşısında acizlik və təslimiyyət təsəvvürü artıq kök salmışdı.

O deyib: Seyid Həsən Nəsrullahın yaratdığı ilk möcüzə «müqavimətin qələbə qazanmaq qabiliyyətinə olan ümid» idi. Bu xüsusilə 2006-cı il (1385-ci il şəmsi) təcrübəsindən sonra daha böyük əhəmiyyət kəsb etdi. Həmin vaxt müqavimət sionist düşmənlə qarşıdurmada yeni bir tarazlıq yaratmağa və hərbi üstünlüyün heç də həmişə qələbə iradəsinə malik olmaq anlamına gəlmədiyini sübut etməyə nail oldu.

Əl-Kumişi ərəb rəsmi rejimlərinin böyük bir hissəsinin təslimiyyət vəziyyətinə gəlib çatdığı mərhələyə işarə edərək bildirib ki, işğala qarşı mübarizədən danışmaq həmin dövrdə bir çoxları üçün qeyri-real və əlçatmaz bir xəyal kimi görünürdü. O, Livanın sabiq prezidenti Emil Ləhudun mövqelərini bu istiqamətin rədd edilməsinə nümunə kimi göstərir. Daha sonra isə Seyid Nəsrullahın rəhbərliyi ilə müqavimət təcrübəsi həmin «rədd etmə»yə meydan gücü qazandırdı və onu mövcud reallıqları dəyişdirməyə qadir olan əməli fəaliyyətə çevirdi.

Seyid Həsən Nəsrullah... düşüncədə və meydanda liderliyin təcəssümü

Əl-Kumişi izah edib: Seyid Nəsrullahın şəxsiyyəti siyasi liderə xas xüsusiyyətlərlə meydan bəsirətini özündə birləşdirirdi. O, mövqelərində doğru danışan, təhlillərində dərin, seçimlərində hikmətli, qarşıdurma zamanı isə şücaətli idi.

O, Seyid Həsən Nəsrullahı İmam Əlinin (ə) malik olduğu hikmət, cəsarət və şücaətin canlı təcəssümü kimi xarakterizə edərək vurğulayıb: Bu xüsusiyyətlər müxtəlif tədbirlərdə səsləndirilən şüarlar deyildi. Əksinə, Seyid Həsən Nəsrullah həmin keyfiyyətləri siyasətdə, müqavimətdə, mücahidlərlə və ümmətlə münasibətlərində öz həyatında gerçəkləşdirirdi.

Bu baxımdan, Əl-Kumişi Seyidin Həsən Nəsrullahın irsini yalnız onun dövründə əldə edilmiş hərbi qələbələrlə məhdudlaşdırmır, onu məğlubiyyətlər dövründə liderlik anlayışını yenidən müəyyənləşdirən, məsuliyyəti fədakarlıqla, geniş bəsirətlə, qələbəni isə səbir və dözümlülüklə əlaqələndirən düşüncə, əxlaq və insanlıq irsi kimi qiymətləndirir.

Azad və məzlumlar insanlar üçün müdrik və uzaqgörən şəxsiyyət

Əl-Kumişi vurğulayıb: Seyid Həsən Nəsrullah yalnız Livan lideri deyildi. O, hər bir azad insan, məzlum və müstəzəf üçün müdrik və uzaqgörən bir şəxsiyyətə çevrilmiş və sərhəd, coğrafiya, eləcə də məzhəbləri aşan bir nümunə olmuşdu. O, mücahidlərdən ibarət nəsillərə öyrətdi ki, azadlıq yolu arzularla açılmır. Bu yol səbir, iradə, şüur və meydanı düzgün dərk etməklə qət edilir.

Seyid Həsən Nəsrullah sübut etdi ki, müqavimət yalnız işğala verilən «reaksiya» deyil, yeni bir şüur formalaşdırmağa və regionda, eləcə də dünyada daha geniş dəyişikliklərə yol açmağa qadir olan hərtərəfli bir layihədir. O, müqaviməti işğalçı ilə birbaşa döyüşün sərhədlərini aşan və region xalqlarını tabeçi və aciz mövqedə saxlamaq istəyən hökmranlıq və istismar sisteminə qarşı daha geniş mübarizənin tərkib hissəsinə çevirdi.

Sionist-Amerika layihəsinə qarşı müqavimət

O qeyd edib: Bu gün baş verənlər artıq iki tərəf arasında məhdud bir döyüş deyil, siyasi, hərbi, mədəni və iqtisadi layihə ilə əlaqəli genişmiqyaslı bir mübarizədir. Bu layihə regionu itaətkar vəziyyətə gətirməyə və onu sionist-Amerika maraqlarına xidmət edəcək şəkildə yenidən qurmağa çalışır. Bu layihə ilə qarşıdurmada müqavimətin işğalçı və onun müttəfiqlərinin möhkəmləndirməyə çalışdığı «məğlubedilməzlik» obrazını sarsıda bilən qüvvə kimi rolu ön plana çıxır. Əl-Kumişinin fikrincə, ardıcıl qarşıdurmalar müqavimətin düşmənin daxilindəki zəif nöqtələri üzə çıxara və onun ABŞ və Qərbin dəstəyindən nə dərəcədə asılı olduğunu göstərə bilən qüvvə kimi rolunu daha da aydınlaşdırıb.

O, həmçinin bildirib: Mübarizlərin dözümlülüyü və imkanlarının inkişaf etdirilməsi, döyüş meydanlarında müşahidə olunan texniki və taktiki yaradıcılıqla yanaşı, göstərdi ki, artıq müharibə yalnız düşmənin müəyyən etdiyi qaydalar əsasında aparılmır. Müqavimət öz vasitə və metodlarını müharibənin mahiyyətinə uyğunlaşdırmağa və inkişaf etdirməyə qadirdir.

İran, müqavimətin strateji dayağı

Əl-Kumişi İranın müqavimətə dəstək verməsindəki roluna diqqət çəkərək bildirib: İran müqavimət sisteminin əsas dayağı və başlıca sütununu təşkil edir və öz dəstəyini yalnız hərbi sahə ilə məhdudlaşdırmayıb. Bu dəstək mədəniyyət, elm, mühəndislik, texniki və hərbi sahələri də əhatə edib. Bundan əlavə, İran təzyiqlər, mühasirə və təhdidlərlə qarşıdurmada ağır bədəl ödəyib.

O hesab edir ki, bu dəstək davamlılıq və dayanıqlılıq qabiliyyətinə malik bir mühitin formalaşmasına töhfə verib və müqavimətin mübarizə apardığı döyüş, qərarvermə müstəqilliyi, suverenlik və xalqların xarici diktələrdən uzaq şəkildə öz yollarını seçmək hüququ uğrunda gedən daha geniş qarşıdurmadan ayrı deyil.

Sənadan Qəzzaya və Cənubi Livana qədər vahid cəbhə

O, Seyid Həsən Nəsrullahın şəhadətinin ildönümündə «Əl-Əqsa tufanı» döyüşünün şəhidlərini və Sənadan Qəzzaya, Cənubi Livana qədər müqavimətin müxtəlif cəbhələrində şəhid olanları xatırladaraq əlavə edib: Bu şəhidlərin qanı vahid bir amal uğrunda birləşir və onların fədakarlıqları işğal və hökmranlıq layihəsi ilə qarşıdurmada mübarizənin vəhdətini təsdiqləyir.

Əl-Kumişi hələ də meydanda dayanan mücahidlərə, eləcə də mübarizə aparan, səbir göstərən və fədakarlıq edən hər kəsə salam göndərib. O, həmçinin bu mübarizə ilə paralel şəkildə irəliləyən və həqiqətləri təhrif etməyə, gerçəklikləri tərsinə çevirməyə çalışan nəhəng media sistemi ilə qarşıdurmada onun həqiqətini çatdırmağa çalışan müqavimət mediasını təqdir edib.

O vurğulayıb: Media müharibəsi ikinci dərəcəli məsələ deyil, əksinə, qarşıdurmanın özünün bir hissəsidir. Çünki meydanda baş verənlər insanların şüuruna çatmadığı və işğalçı ilə onun müttəfiqlərinin dünyaya qəbul etdirməyə çalışdıqları narrativ sarsılmadığı müddətcə öz təsirini tam şəkildə göstərə bilməz.

Şəhadət sonluq anlamını daşımır

Liviyalı siyasi tədqiqatçı vurğulayıb: Seyid Həsən Nəsrullahın şəhadəti bir liderin yolunun sonu kimi qiymətləndirilmir. Əksinə, bu, müqavimət yolunda yeni bir mərhələdir. Şəhadət Seyid Həsən Nəsrullahın təcrübəsini sona çatdırmadı, əksinə, ona daha geniş bir ölçü qazandırdı və həmin lideri nəsillərin bir-birinə ötürdüyü, qarşıdurmanın hər mərhələsində yenidən xatırladığı bir rəmzə çevirdi.

O deyib: Şəhidlər «boşluq»dan daha çox «nümunə» qoyub gedirlər. Seyid Həsən Nəsrullahın dəyəri də bundadır ki, o, nəsillər üçün cihad, səbir, dözümlülük və əzm məktəbi qoyub getdi. Bu məktəb onun şəxsiyyəti ilə məhdudlaşmır, eyni amalı çiyinlərində daşıyan və yolu davam etdirən hər bir mücahiddə öz varlığını davam etdirir.

Əl-Kumişinin fikrincə, Seyid Həsən Nəsrullahın qoyub getdiyi irs müqavimətin daha geniş yolundan ayrı deyil. Bu müqavimət İslamı «əməl» və «azadlıq gətirən» mövqedən yenidən oxudu və izzət, ləyaqət dəyərlərini daşıyan, məzlumların yanında dayanan İslamla təslimiyyəti, parçalanmanı və azdırmanı əsaslandırmaq üçün istifadə olunan yozumlar arasında fərq qoydu.

Bu səbəbdən, Əl-Kumişinin sözlərinə görə, Seyid Həsən Nəsrullahın xatırlanması yalnız keçmişi yenidən nəzərdən keçirmək üçün bir fürsət deyil, həm də onun layihəsini bu günə gətirmək üçün bir fürsətdir: Müqavimət layihəsi, ümmətin birliyi, hökmranlığın rədd edilməsi, Fələstinə bağlılıq və azadlıq yolunun nə qədər uzun olmasından asılı olmayaraq, onu qət edəcək insanların mütləq tapılacağına inam yaradır.

Əl-Kumişi çıxışının sonunda Seyid Həsən Nəsrullaha və müqavimətin bütün şəhidlərinə salam və rəhmət göndərərək vurğulayıb: Onların qanı hədər getməyib və fədakarlıqları ilə açdıqları yol, ümmətin daxilində ləyaqətin bəxş edilmədiyinə, azadlığın dilənilmədiyinə və Fələstinin uğrunda canların fəda edilməsinə layiq olduğuna inanan insanlar olduğu müddətcə nəsillərin qarşısında açıq qalacaq.

Seyid Həsən Nəsrullah gələcək nəsillər üçün cihad və səbir məktəbi qoyub getdi




 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha